Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır

siz-bizim-usaqlarimiza-komek-edirsiniz


Azərbaycan Respublikası ilə Ukrayna arasında ali səviyyədə formalaşmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın iqtisadi, ticarət, humanitar, mədəni və digər sahələrdə inkişafına təkan verir, münasibətlərin məzmunca zənginləşməsinə zəmin yaradır. Azərbaycan - Ukrayna əlaqələrinin inkişafında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupları mühüm rol oynayır. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir.


25 aprel 2026-cı il tarixdə Ukrayna Prezidenti cənab Volodimir Zelenskinin ölkəmizə səfəri çərçivəsində Qəbələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış etmişlər.


Prezident cənab İlham Əliyev çıxışında qeyd etmişdir ki, son dörd il ərzində tərəflər arasında yeddi görüş keçirilmiş, son təmaslar əsasən beynəlxalq təşkilatların tədbirləri çərçivəsində baş tutmuşdur. Ukrayna Prezidentinin Azərbaycana ilk səfəri 2019-cu ildə reallaşmış, həmin dövrdən etibarən formalaşan şəxsi münasibətlər bu gün də uğurla davam edir. Dövlətimizin başçısı 2022-ci ilin yanvarında Kiyevə etdiyi səfəri xatırladaraq bildirmişdir ki, keçirilən görüşlər və sonrakı təmaslar Ukrayna - Azərbaycan əlaqələrinin daha yüksək səviyyəyə yüksəlməsinə töhfə vermişdir. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.


Möhtərəm Prezidentimiz qeyd etmişdir ki, müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.


Sonda hərbi-texniki əməkdaşlıqla bağlı məsələlərə toxununan dövlətimizin başçısı qeyd etmişdir ki, həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik. Qeyd etdiyim kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan - Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.


 

0

Şərh yaz