Kartdan-karta ödənişlər qanunsuzdur: Bəzi kafe və obyektlər niyə qaydalara əməl etmir?

Kartdan-karta ödənişlərə görə cərimə: İstehlakçılarin nəzərinə


Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin mal və xidmət satışları zamanı ödənişləri qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul etmələri vacibdir. Mövcud qaydalara əsasən, ticarət və xidmət obyektlərində satışlar yalnız rəsmi POS-terminallar, elektron ödəniş sistemləri və ya nəzarət-kassa aparatları vasitəsilə rəsmiləşdirilməlidir.

Buna baxmayaraq, bəzi kafe, restoran, mağaza və digər xidmət obyektlərində müştərilərə POS-terminal əvəzinə şəxsi bank kartı nömrəsi təqdim edilir və ödənişlərin "kartdan-karta" köçürülməsi tələb olunur. Bu isə həm vergidən yayınma şübhələri yaradır, həm də dövriyyənin rəsmi uçotdan gizlədilməsi riskini artırır.

Müşahidələrə əsasən, bu cür hallara Bakının müxtəlif ərazilərində də rast gəlinir. Xüsusilə Xocəsən yolu, 20 Yanvar və Əhmədli ərazilərində, 3-cü mikrorayon dairəsi ətrafında və “Şamaxinka” kimi tanınan ərazidə, eləcə də paytaxtın bəzi digər yerlərində fəaliyyət göstərən ayrı-ayrı kafe və iaşə obyektlərində POS-terminallardan istifadə edilməməsi, müştərilərdən ödənişin şəxsi bank kartlarına “kartdan-karta” köçürmə yolu ilə həyata keçirilməsinin tələb olunması ilə bağlı hallar diqqət çəkir.

Müşahidə olunan hallarda bəzi kafe və iaşə obyektlərində müştəri kartla ödəniş etmək istədikdə POS-terminal vasitəsilə ödəniş qəbul etmək əvəzinə, ona şəxsi bank kartı təqdim edilərək məbləğin “kartdan-karta” köçürülməsi istənilir. 3-cü mikrorayon dairəsi ətrafında və “Şamaxinka” ərazisində yerləşən bəzi kafelərdə də bu kimi hallara rast gəlindiyi müşahidə olunur.

Sahibkarlıq fəaliyyəti çərçivəsində ödənişlərin qanunvericiliyin tələblərindən kənar şəkildə qəbul edilməsi yolverilməzdir. Belə hallarda satışın rəsmi şəkildə qeydə alınmaması, müştəriyə fiskal çek təqdim edilməməsi və dövriyyənin uçotdan kənarda qalması ilə bağlı ciddi suallar yaranır. Aidiyyəti dövlət qurumlarının Xocəsən yolu, 20 Yanvar, Əhmədli, 3-cü mikrorayon dairəsi, “Şamaxinka” və digər ərazilərdə fəaliyyət göstərən kafe və iaşə obyektlərində nəzarət tədbirlərini gücləndirməsi, POS-terminal və nəzarət-kassa aparatlarından istifadənin vəziyyətini araşdırması məqsədəuyğun olardı.

Mütəxəssislərin fikrincə, "kartdan-karta" ödənişlər sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş rəsmi hesablaşma üsulu hesab edilmir. Belə hallarda alıcıya kassa çeki təqdim olunmur, əməliyyatın rəsmiliyi tam təmin edilmir və istehlakçının hüquqlarının qorunması ilə bağlı problemlər yarana bilir.

Qanunvericiliyin tələblərinə görə, sahibkarlıq subyektləri həyata keçirdikləri satış əməliyyatlarını şəffaf şəkildə rəsmiləşdirməli, dövlət büdcəsinə ödənilməli olan vergi və digər öhdəlikləri tam yerinə yetirməlidirlər. Bu tələblərin pozulması isə inzibati məsuliyyət və maliyyə sanksiyalarına səbəb ola bilər.

Vətəndaşlar da bu məsələdə diqqətli olmalı, xidmət və ya məhsul alarkən mütləq kassa çeki tələb etməli, ödənişlərini rəsmi POS-terminal vasitəsilə həyata keçirməyə üstünlük verməlidirlər. Çünki çek təqdim olunmadıqda sonradan hər hansı mübahisəli vəziyyət yarandıqda istehlakçının hüquqlarını müdafiə etməsi çətinləşə bilər.

Müşahidələr göstərir ki, son dövrlərdə bəzi ictimai iaşə obyektlərində və xidmət sahələrində "kartdan-karta" ödənişlərə üstünlük verilməsi halları hələ də qalmaqdadır. Halbuki iqtisadiyyatın şəffaflaşdırılması, kölgə iqtisadiyyatının azaldılması və sağlam rəqabət mühitinin formalaşdırılması üçün bütün sahibkarlar qanunvericiliyin tələblərinə əməl etməlidirlər.

Mütəxəssislər hesab edirlər ki, nəzarət tədbirlərinin gücləndirilməsi, sahibkarların maarifləndirilməsi və vətəndaşların bu sahədə fəallığının artırılması belə halların qarşısının alınmasına mühüm töhfə verə bilər. Qanun hamı üçün eyni tətbiq olunmalı, fəaliyyətini şəffaf quran sahibkarlarla qaydalardan yayınmağa çalışanlar arasında fərq qoyulmamalıdır.

0

Şərh yaz