Nağdsız Ödənişdən Yayınan Kafelər Nəzarətə Götürülməlidir
vergixeber 8-05-2026, 23:53 62 Sosial
Son dövrlərdə paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən bəzi kafelərdə ciddi qanun pozuntularının müşahidə olunduğu bildirilir. Xüsusilə Baksol yolu, Əhmədli, Şamaxinka, 3-cü mikrorayon dairəsi, 20 Yanvar metro ətrafı, Xocasən və Sulutəpə istiqamətlərində yerləşən bəzi iaşə obyektlərində terminal aparatlarından istifadə edilmədiyi, ödənişlərin əsasən yalnız nağd şəkildə qəbul olunduğu iddia edilir. Bu isə həm vətəndaşların hüquqlarının pozulmasına, həm də vergidən yayınma hallarına şərait yaradır.
Müşahidələr göstərir ki, bəzi obyektlərdə müştərilər kartla ödəniş etmək istədikdə müxtəlif bəhanələr gətirilir, “terminal işləmir”, “internet yoxdur”, “yalnız nağd qəbul edilir” kimi cavablar verilir. Halbuki qanunvericiliyə əsasən bir çox xidmət sahələrində POS-terminalın olması və işlək vəziyyətdə saxlanılması vacibdir. Belə halların davamlı xarakter alması isə artıq təsadüfi deyil, məqsədli şəkildə vergidən yayınma şübhələrini artırır.
Digər ciddi problem isə həmin obyektlərdə çalışan işçilərin əksəriyyətinin əmək müqaviləsi olmadan fəaliyyət göstərməsidir. Bir çox hallarda ofisiantlar, aşpazlar və digər işçilər qeyri-rəsmi şəkildə çalışdırılır, sosial sığorta və əmək hüquqları təmin edilmir. Bu isə həm dövlət büdcəsinə zərər vurur, həm də insanların gələcək pensiya və sosial təminat hüquqlarını risk altına atır.
Ekspertlərin fikrincə, kölgə iqtisadiyyatının qarşısının alınması üçün bu sahədə nəzarət tədbirləri daha da gücləndirilməlidir. Vergi orqanları, Əmək Müfəttişliyi və digər aidiyyəti qurumlar tərəfindən mütəmadi reydlərin keçirilməsi vacib hesab olunur. Xüsusilə nağdsız ödənişdən yayınan, çek təqdim etməyən və işçiləri qeyri-rəsmi saxlayan obyektlər ciddi şəkildə yoxlanmalıdır.
Vətəndaşlar da bu məsələdə daha həssas olmalı, çek tələb etməli və hüquqlarını bilməlidirlər. Çünki təqdim edilməyən hər çek dövlət büdcəsinə daxil olmayan vergi deməkdir. Bu isə nəticə etibarilə ölkənin iqtisadi inkişafına və sosial layihələrə ayrılan vəsaitə mənfi təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, qanunlara əməl edən obyektlərlə yanaşı, qaydalardan yayınan müəssisələrin də aşkarlanaraq məsuliyyətə cəlb olunması sağlam rəqabət mühitinin formalaşması baxımından vacibdir. Əks halda, vergisini ödəyən və işçilərini rəsmi qeydiyyata alan sahibkarlar haqsız rəqabətlə üz-üzə qalırlar.
Aidiyyəti qurumların qeyd olunan ərazilərdə fəaliyyət göstərən obyektlərlə bağlı geniş araşdırmalara başlaması, POS-terminaldan istifadə etməyən və əmək qanunvericiliyini pozan kafelərin ciddi nəzarətə götürülməsi cəmiyyət tərəfindən dəstəklənən addım olar. Qanun hər kəs üçün eyni olmalı, sahibkarlıq fəaliyyəti şəffaf və məsuliyyətli şəkildə həyata keçirilməlidir.







